Dövlət Dəniz və Liman Agentliyində (DDLA) həyata
keçirilən islahatların davamı olaraq dənizçilərə sertifikatların (diplomların)
verilməsi prosesinin sadələşdirilməsi istiqamətində daha bir yeniliyə imza
atılıb.
Belə ki, gəmilərin komandir heyəti üzvlərinə
sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd
qəbulu və hazır sənədlərin verilməsi prosesi cari ilin 14 aprel tarixindən
etibarən “Bakı KOB evi”ndə aparılacaq.
Komandir heyəti üzvlərindən sertifikatların
(diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üçün aşağıdakı sənədlər
tələb olunur.
–
şəxsiyyəti təsdiq edən sənəd;
–
təhsil diplomu;
–
sertifikat (diplom) (əgər varsa);
–
vəzifə üzrə tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;
–
Agentlik tərəfindən tanınan tibb müəssisələri tərəfindən
verilmiş “Dənizçinin tibb sertifikatı”;
–
üzmə haqqında arayış və ya təcrübə jurnalı;
–
dənizçinin qeyd kitabçası (əgər varsa);
–
ümumvətəndaş pasportu və ya dövlət sərhədindən hərəkəti barədə sənəd
(ehtiyac olarsa);
–
3x4 sm ölçüdə, ağ fonda, 4 ədəd rəngli fotoşəkil;
– dövlət rüsumunun ödənildiyini təsdiq edən
sənəd;
Qeyd edək ki, imtahanı müvəffəqiyyətlə keçmiş namizədlərə müvafiq sertifikatlar (diplomlar) imtahanın keçirildiyi tarixdən etibarən beş iş günü ərzində hazırlanaraq təqdim olunacaq.
Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən
2024-cü ilin 19 avqust tarixindən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin,
30 sentyabr tarixindən isə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların
(diplomların) verilməsi və yenilənməsi üzrə sənəd qəbulu, cari ilin 3 mart
tarixindən isə təlimlərdə iştirak etmədən xüsusi hazırlıq şəhadətnamələrinin
yenilənməsi üçün sənəd qəbulu, həmçinin hazır sənədlərin təhvil verilməsi
prosesi “Bakı KOB evi”ndə həyata keçirilir.