
Dövlət Dəniz və
Liman Agentliyinin nümayəndə heyəti (DDLA) Portuqaliyanın paytaxtı Lissabon şəhərində
Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) tərəfindən təşkil olunan
“Alternativ yanacaqlardan və enerji sistemlərindən istifadə edən gəmilərdə çalışan
dənizçilərin xüsusi səriştələrinin müəyyən edilməsi” adlı seminarda ölkəmizi təmsil
edib.
Beynəlxalq tədbirdə Dənizçi
sənədləri şöbəsinin müdiri Səbuhi Orucov və Təlim və sertifikatlaşdırma mərkəzinin
aparıcı mütəxəssisi Rüstəm Aslanlı iştirak ediblər.
Seminar çərçivəsində “Dənizçilərin hazırlanmasına,
onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Konvensiyanın mövcud
müddəalarının yeni texnologiyalara uyğunlaşdırılması, təhsil müəssisələri və təlim
mərkəzləri üçün yeni tədris proqramlarının hazırlanması və dənizçilərin xüsusi
hazırlıq səviyyəsinin artırılması üçün zəruri olan normativ və praktiki
addımlar müzakirə edilib. Həmçinin hidrogen, ammonyak, metanol və digər alternativ
yanacaq növlərinin təhlükəsizlik tələbləri, risklərin qiymətləndirilməsi,
bunker əməliyyatları və enerji sistemlərinin idarə olunması üzrə beynəlxalq təcrübə
təqdim edilib.
DDLA-nın Dənizçi sənədləri şöbəsinin müdiri Səbuhi Orucov seminarda iştirakın Avropa Komissiyası, Beynəlxalq Dəniz Təşkilatı, təhsil müəssisələri və təlim mərkəzləri, dənizçilik administrasiyaları və sənaye nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi, qabaqcıl praktiki yanaşmaların öyrənilməsinə geniş imkan yaradacağına əminliyini ifadə edib.