Dövlət Dəniz
və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan uzaq səfərlər
kapitanları və baş mexaniklərlə görüş olub. Görüş zamanı dənizçiləri maraqlandıran suallara cavab
verilib və bir sıra mövzular ətrafında müzakirələr aparılıb.
Ünvanlanan suallara cavab olaraq
bildirilib ki, dənizçilərin sertifikatlaşdırılması prosesi “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq
Konvensiyanın (DHDNÇ) tələblərinə əsasən həyata keçirilir.
Belə ki, müvafiq sahəni tənzimləyən
beynəlxalq hüquqi aktların tələbləri nəzərə alınmaqla dənizçilərin
sertifikatlaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsi istiqamətində
davamlı tədbirlərin həyata keçirilməsi, həmçinin milli qanunvericilikdə zəruri
dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
Tədbir çərçivəsində
naviqasiya təhlükəsizliyi, texniki istismar, heyətin idarə olunması,
yoxlamaların nəticələri, beynəlxalq bazarda iş imkanları, xüsusilə də yüksəktonnajlı
tanker və konteyner gəmilərində işləmək imkanları nəzərdən keçirilib. Dənizçilərin
bununla bağlı fikirləri, eləcə də Agentlik tərəfindən tətbiq olunan yeni tələblər
və tövsiyələr barədə fikir mübadiləsi aparılıb.