
Dövlət Dəniz
və Liman Agentliyində (DDLA) “Türk Loydu” Təsnifat Cəmiyyətinin rəhbər heyəti
ilə görüş təşkil olunub.
DDLA-nın
İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov dəniz nəqliyyatı
sahəsində tənzimləyici orqan olaraq DDLA tərəfindən son dövrlərdə həyata
keçirilən tədbirlər barədə məlumat verib.
Görüşdə “Türk
Loydu” Təsnifat Cəmiyyəti ilə əməkdaşlığın inkişafı, gəmilərə texniki nəzarətin
səmərəli təşkili və sertifikatlaşma sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi
istiqamətlərində fikir mübadiləsi aparılıb. Təsnifat Cəmiyyəti tərəfindən gələcəkdə
DDLA-da müvafiq sahə üzrə təlimlərin təşkili imkanları da müzakirə edilib.
“Türk Loydu”
Təsnifat Cəmiyyətinin İdarə Heyətinin sədri Oral Ərdoğan Azərbaycanda gəmilərdə
həyata keçirilən təsnifat yoxlamalarının vaxtında və yüksək keyfiyyətlə
aparılması, eləcə də DDLA ilə qarşılıqlı əməkdaşlığın daha səmərəli təşkili məqsədilə
Bakıda nümayəndəlik açılmasının planlaşdırıldığını deyib. Bu təşəbbüs DDLA tərəfindən
müsbət qarşılanıb və dəstək bildirilib.
Müzakirələr
zamanı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə inam ifadə edilib
və bu görüş əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım
kimi dəyərləndirilib.