
Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün
təşkil olunan “Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib. Tədbirdə
Agentliyin son illərdə həyata keçirdiyi və növbəti il ərzində planlaşdırdığı islahatlar
və yeniliklər barədə iştirakçılara ətraflı məlumat verilib.
Ünvanlanan suallara cavab olaraq qeyd edilib ki, dənizçilərə
sertifikatların (diplomların), həmçinin xüsusi hazırlıq şəhadətnamələrinin
verilməsi və yenilənməsi ilə bağlı Agentlikdə keçirilən imtahan sualları Beynəlxalq
Dəniz Təşkilatının müvafiq model kurslarının tövsiyələri nəzərə alınmaqla vəzifələr,
səviyyələr və funksiyalar üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanıb. Suallar
Agentliyin müvafiq Əmri ilə yaradılmış Komissiya tərəfindən yoxlanılaraq
imtahan proqramına daxil edilir.
Eyni zamanda yaxın gələcəkdə dənizçilik təhsil müəssisəsində
dənizçilik ixtisasları üzrə proqramlara yenidən baxılacaq. Beynəlxalq və milli
qanunvericiliyin tələbləri nəzərə alınmaqla ixtisas fənlərinə ayrılan tədris
saatlarının miqdarı artırılacaq.
Həmçinin bildirilib ki, dənizçilərin məmnunluğunun
daha da artırılması üçün növbəti ildə də bir sıra yeniliklər həyata keçiriləcək.
Belə ki, dənizçinin şəxsi kabinetinin yaradılması, bəzi xüsusi hazırlıq
proqramları əsasında onlayn təlimlərin təşkili, dənizçilərə verilən
sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin elektron
formada şəxsi kabinetdə yerləşdirilməsi kimi tədbirlər nəzərdə tutulur.
Qeyd olunub ki, müvafiq sahəni tənzimləyən
qanunvericiliyin tələbləri nəzərə alınmaqla dənizçilərin təhsili, təlimi və
sertifikatlaşdırılması ilə bağlı islahatların mərhələli şəkildə icrası yaxın gələcəkdə
öz müsbət nəticələrini verəcək.