
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin
verilməsi prosesində rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Belə ki,
artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri,
tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş yeni formatda
verilməsinə başlanılıb.
Sistemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə
dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin
giriş-çıxış məlumatları, habelə digər identifikasiyaedici və funksional məlumatlar
avtomatik olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumlar tərəfindən əlavə
sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu isə həm müraciətlərin emal vaxtını
qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır.
Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin
etibarlılığının operativ, şəffaf və real vaxt rejimində yoxlanılmasını təmin
edir. Bu yanaşma saxtakarlıq risklərini minimuma endirməklə yanaşı, inzibati
prosedurların yükünü də əhəmiyyətli dərəcədə azaldır.
Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində
mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri üçün
inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların tətbiqi və
tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq edir.
Qeyd olunan istiqamətlə bağlı müddəalar DHDNÇ
Konvensiyasında və digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə
əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların
elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması mexanizmlərinin təkmilləşdirilməsini
dəstəkləyərək qlobal rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini
təmin edir.
DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin
elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində məqsədyönlü tədbirlər
həyata keçirir. Hazırda dənizçi sənədlərinin tam elektronlaşdırılması istiqamətində
təşkilati və hüquqi hazırlıq işləri davam etdirilir.
Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik
sektorunda beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin
formalaşmasına xidmət edəcək.