
Dövlət Dəniz və Liman Agentliyi
(DDLA) dənizçi sənədlərinin daha şəffaf, operativ və müasir tələblərə uyğun
şəkildə yoxlanılması və izlənilməsi məqsədilə rəqəmsallaşma istiqamətində mühüm
addım atıb. Bu çərçivədə “My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə
verilib.
Yeni rəqəmsal platforma vasitəsilə dənizçilər öz sənədlərini vahid bir
mərkəzdən rahatlıqla izləyə biləcəklər. Sistem dənizçilərin sertifikatlarının
(diplomlarının), xüsusi hazırlıq şəhadətnamələrinin statusunu, həmin sənədlərin
elektron formalarını, dənizçilər üçün təşkil olunacaq təlimləri, onlayn müraciətlərin göndərilməsi və
cavabların alınmasını, eləcə də müxtəlif məlumat və maarifləndirici xarakterli bildirişlərin
əldə olunmasını təmin edir.
Bundan əlavə, yaxın vaxtlarda
DDLA-da keçirilən bütün imtahanların nəticələrinin də “My Cabinet” platforması
üzərindən təqdim edilməsi nəzərdə tutulur. Bu yenilik sənədlərin
etibarlılığının operativ və şəffaf şəkildə yoxlanılmasına imkan yaradacaq, eyni
zamanda saxtalaşdırma hallarının minimuma endirilməsində mühüm rol oynayacaq.
DDLA tərəfindən həyata keçirilən
bu təşəbbüs dənizçilik sahəsində rəqəmsal transformasiyanın
genişləndirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi
məmnuniyyətinin artırılmasına yönəlib.
İstifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.