
Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır.
Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr
arzulayırıq.
Xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və
Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və
sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq.
Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə
səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq
və təlimatlarını nəzərə almalarını,
habelə mümkün olduğu hallarda belə səfərlərdən
çəkinmələrini tövsiyə edirik.
Eyni zamanda, gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin
həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək
olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün
olduqda belə marşrutlardan istifadə etməməyə səsləyirik.
Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini
düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq.