
Dövlət Dəniz və Liman
Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının
(BDT) Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 2-ci növbədənkənar
sessiyasında ölkəmizi təmsil edib.
Tədbirdə İdarə heyəti sədrinin
müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid
Murtuzov iştirak ediblər.
Sessiya zamanı “Dənizin gəmilərdən
çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın
VI əlavəsinə təklif olunan dəyişikliklər, BDT-nin “Xalis sıfır çərçivəsi”, işçi
qrupların hesabatları və iş planları müzakirə olunub, müvafiq qərarlar qəbul
edilib.
Tədbir çərçivəsində “Xalis
sıfır çərçivəsi”nin qəbulu ilə bağlı müzakirələrin davam etdirilməsinin bir il
müddətinə təxirə salınması barədə razılıq əldə olunub. Bu müddət ərzində üzv
dövlətlər BDT-nin “Xalis sıfır çərçivəsi” üzrə konsensus istiqamətində işləməyə
davam edəcəklər.
DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov sessiyanın vacibliyini vurğulayaraq gəmilərdən atılan istixana qazları emissiyalarının azaldılması istiqamətində komitə tərəfindən qəbul edilən qərarların əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd layihəsinin yenidən işlənməsi məqsədilə müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması əhəmiyyətli addım hesab olunur.