
Azərbaycan Respublikasında “Gəmilərdə
zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında Beynəlxalq Konvensiya”
(AFS Konvensiyası) qüvvəyə minib.
Ölkəmiz sözügedən Konvensiyaya 12 iyun
2026-cı il tarixli Qanunla qoşulub.
Konvensiyanın 18-ci maddəsinin 3-cü bəndinə
əsasən, qoşulma sənədinin Beynəlxalq Dəniz Təşkilatının Baş katibinə
(depozitariyə) təqdim edildiyi tarixdən üç ay sonra müvafiq dövlət üçün qüvvəyə
minir.
AFS Konvensiyasının əsas məqsədi gəmilərin
sualtı hissələrində yosunların və digər su orqanizmlərinin toplanmasının
qarşısını almaq üçün istifadə edilən örtüklərdə , həmçinin digər çirklənmə
əleyhinə sistemlərdə zərərli maddələrin istifadəsini qadağan etmək və ya
məhdudlaşdırmaqla dəniz mühitinin qorunmasını təmin etməkdir.
Konvensiyanın Azərbaycan Respublikası üçün
qüvvəyə minməsi ölkəmizin dəniz mühitinin mühafizəsi və beynəlxalq ekoloji
standartların tətbiqi sahəsində öhdəliklərinin genişləndirilməsi baxımından
əhəmiyyət daşıyır.
Bununla əlaqədar olaraq, Azərbaycan
Respublikasının bayrağı altında üzən gəmilərin sahibləri gəmilərin gövdəsində
istifadə olunan çirklənmə əleyhinə örtük və sistemlərin Konvensiyanın
tələblərinə uyğunluğunu təmin etməlidirlər.