
Dövlət Dəniz və Liman
Agentliyində (DDLA) Azərbaycan və Yunanıstan arasında dəniz nəqliyyatı sahəsi
üzrə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda Dəniz İşləri və
Adalar Siyasəti Nazirliyinin Sahil Mühafizəsinin Baş Qərargahının nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə
açan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti
icra edən Eldar Məcidov ölkələrimiz arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın
inkişaf perspektivlərindən danışıb. Azərbaycanın zəngin dənizçilik tarixinə
diqqət çəkərək qeyd edib ki, Bakı şəhərinin əlverişli coğrafi mövqeyi Xəzər dənizində
gəmiçiliyin inkişafında mühüm rol oynayıb. Xüsusilə XIX əsrin ikinci yarısında
Bakı neftinin hasilatının və daşınmasının artması dəniz nəqliyyatı sektorunun
inkişafına ciddi təkan verib. Vurğulanıb ki, Azərbaycan təkcə Xəzər dənizində
deyil, həmçinin beynəlxalq sularda neft və quru yüklərin daşınmasını həyata
keçirən gəmilərə sahibdir.
Okean Gəmiçiliyi İdarəsinin direktoru Andreas Spanos COP29
çərçivəsində Azərbaycan və Yunanıstanın müvafiq nazirliklərinin rəhbər şəxsləri
arasındakı görüşün nəticəsi olaraq yaradılmış İşçi qrupunun iclaslarının
qurumlararası əlaqələrin davamlılığında xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Belə görüşlərin qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılması, eləcə də iki
ölkə arasında dənizçilik sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm rol
oynadığını vurğulayıb.
İclas çərçivəsində Yunanıstan nümayəndə heyəti alternativ
yanacaq növləri və yaşıl dənizçilik, istixana qazlarının azaldılması,
qeyri-üzvü yanacaqlardan istifadə, eləcə də axtarış-xilasetmə əməliyyatları, dənizçilərin
təlimi, təhsili və sertifikatlaşdırılması istiqamətləri üzrə təqdimatlarla
çıxış edib. Eyni zamanda, İşçi qrupunun sual və təkliflərinə münasibət
bildiriblər.
Çıxışlarda ölkəmizin
alternativ yanacaq növlərindən istifadənin genişləndirilməsi və yaşıl
gəmiçiliyə keçid məsələlərində maraqlı olduğu diqqətə çatdırılıb. Həmçinin
“Pirey Birgə Xilasetmə Koordinasiya Mərkəzi” barədə tədbir iştirakçılarına
məlumat verilib.
Azərbaycan–Yunanıstan Dəniz
Nəqliyyatı üzrə İşçi Qrupunun iclası müxtəlif mövzular ətrafında təqdimatlarla
davam edib.
İclasda Agentliyin nümayəndələri
ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Aparatının, Xüsusi Riskli Xilasetmə
Xidmətinin, həmçinin Xəzər Hövzə Qəza - Xilasetmə Xidmətinin nümayəndələri də iştirak edib.
Qeyd edək ki, Azərbaycan–Yunanıstan
Dəniz Nəqliyyatı üzrə İşçi Qrupunun üzvləri səfər çərçivəsində Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi QSC-də (ASCO), “Bakı Gəmiqayırma Zavodu” MMC, Azərbaycan Dövlət
Dəniz Akademiyası və “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-də də olublar.