
Azərbaycan Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) mənzil-qərargahında keçirilən Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub.
Tədbirdə Dövlət Dəniz və Liman Agentliyinin Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov və İnsan resursları departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Nərmin Nəbiyeva iştirak ediblər.
Sessiyada BDT-nin Baş katibi Arsenio Dominguez və
üzv dövlətlərin nümayəndələri Azov dənizində həlak olan azərbaycanlı dənizçilərin
ailələrinə və yaxınlarına başsağlığı veriblər. Dənizçilərin bu və ya digər şəkildə
hədəfə alınmaması ilə bağlı çağırış edilib, onların dünya ticarətinin təmin
olunmasındakı mühüm rolundan danışılıb.
Müzakirələr zamanı texniki əməkdaşlıq fəaliyyətinin
nəticələri nəzərdən keçirilib və növbəti illər üzrə prioritet istiqamətlərin müəyyən
edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Üzv dövlətlərdə kadr
potensialının gücləndirilməsi, rəqəmsal transformasiya, dənizçilərin peşə
hazırlığı, gəmi göyərtəsində təlim proqramları, axtarış-xilasetmə sistemlərinin
təkmilləşdirilməsi və texniki yardım mexanizmlərinin inkişafı məsələlərinə
xüsusi diqqət yetirilib.
Sessiyada BDT-nin Texniki Əməkdaşlıq Portalının
inkişafı, audit nəticələrinə əsaslanan texniki yardım fəaliyyətlərinin genişləndirilməsi
və üzv dövlətlər üçün məqsədyönlü dəstəyin gücləndirilməsi ilə bağlı qərarlar qəbul
olunub.