
Dövlət Dəniz
və Liman Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində
keçirilən 2-ci Dayanıqlı Dəniz Nəqliyyatı Konfransında ölkəmizi təmsil edib. Beynəlxalq
tədbirdə Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Habil Abbasov və Beynəlxalq
əlaqələr departamentinin direktoru Ramil Qasımov iştirak ediblər.
Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi
tərəfindən təşkil olunan konfransda Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq
Hidroqrafiya Təşkilatı, Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxaq Təşkilat,
Beynəlxalq Mobil Peyk Təşkilatının rəhbər şəxsləri ilə yanaşı, bir sıra dövlətlərin
nümayəndə heyətləri, səfirlər və dəniz nəqliyyatı sənayesi liderləri iştirak
ediblər.
Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, Malayziya, Ukrayna
nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Müzakirələr zamanı ölkəmizin dəniz
nəqliyyatında dayanıqlılığın artırılması üçün beynəlxalq təşəbbüsləri dəstəkləməkdə
sadiqliyi vurğulanıb, habelə innovasiya və müasir texnologiyalarla əməliyyatların
səmərəliliyinin artırılması və emissiyaların azaldılması baxımından əhəmiyyətindən
bəhs edilib.
Konfransda emissiyaların azaldılması və rəqəmsal transformasiyanın inkişafı
üçün regional və beynəlxalq səviyyədə əlaqələndirilmiş səylər, limanlar
arasında yaşıl gəmiçilik dəhlizlərinin yaradılması, standartlaşdırılmış rəqəmsal
platformalar və emissiyaların hesabatı, eləcə də innovasiya, kiçik və orta müəssisələri
dəstəkləmək üçün regional davamlılıq fondlarının təsisi barədə müzakirələr
aparılıb.
Sessiyalar qabaqcıl dənizçilik texnologiyalarına, səmərəlilik və təhlükəsizlik
baxımından rəqəmsallaşmaya və kibertəhlükəsizliyin roluna, eləcə də dayanıqlı nəqliyyat
sənayesinin qurulmasına verilən töhfələrə həsr olunub. Seminarlar gəmiçiliyin
karbon emissiyalarının azaldılması strategiyalarını, kiçik və orta dənizçilik
müəssisələri üçün yol xəritələrini, həmçinin davamlı inkişafı dəstəkləyən yaşıl
maliyyə və sığorta həllərinin hazırlanmasını əhatə edib.