
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, hazırlıq və növbə çəkmə üzrə alt komitəsinin 12-ci sessiyasında ölkəmizi təmsil edib. Tədbirdə Agentliyin Gəmi heyəti departamentinin direktoru Səid Orucov və Təlim və sertifikatlaşma şöbəsinin aparıcı mütəxəssisi Əhməd Lametov iştirak ediblər.
Beşgünlük sessiyanın əsas mövzusu “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyaya və onun məcəlləsinə edilmiş dəyişikliklərə həsr olunub.
Nümayəndə heyəti tədbirdə fəal iştirak edərək
daha əvvəl təqdim olunan 3 təklifin əsaslandırılmasını həyata keçirib. Təkliflərdən
birinin gələcək sessiyalar çərçivəsində müzakirəsi barədə qərar qəbul edilib,
digər iki təklifin isə işçi qrup tərəfindən müzakirəyə çıxarılaraq DHDNÇ Beynəlxalq
Konvensiyaya əlavə olunması məqsədəuyğun hesab edilib.
150-dən çox boşluğa dair 160-dan çox sənəd əsasında
keçirilən sessiya mühüm müzakirələrlə yadda qalıb. Hazırlanan layihələr təsdiq
üçün Beynəlxalq Dəniz Təşkilatının bu ilin may ayında keçiriləcək Dəniz Təhlükəsizliyi
Komitəsinin 111-ci sessiyasına təqdim ediləcək.
Həmçinin sessiya çərçivəsində rəqəmsallaşma və
avtomatlaşdırma proseslərinin sürətli inkişafı fonunda DHDNÇ Beynəlxalq
Konvensiyasında mövcud kompetensiya standartlarının aktuallığının yenidən qiymətləndirilməsi
məsələsi müzakirə olunub.
Bildirilib ki, müasir naviqasiya və idarəetmə
sistemlərinin geniş rəqəmsallaşdırılması şəraitində dənizçilərdən yalnız
texniki bilik və bacarıqlar deyil, habelə kiberrisklərin müəyyənləşdirilməsi,
qarşısının alınması və idarə olunması üzrə səriştələr də tələb edilir.
Bu məqsədlə DHDNÇ Beynəlxalq Konvensiyasına
kibertəhlükəsizlik sahəsində müvafiq bilik, bacarıq və səriştələrə dair yeni
kompetensiya cədvəllərinin əlavə edilməsi təklif olunub.