
Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına əsasən həyata keçirilib.
Məqsəd nəqliyyat sektorunda avtonom gəmidən istifadə üzrə hüquqi tənzimləmənin təkmilləşdirilməsi, sahəvi qanunvericiliyin bir-birinə uyğunlaşdırılması, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, bununla bağlı normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasıdır.
Qanunda avtonom
nəqliyyat mühitinin hüquqi tənzimlənməsi üçün “avtonom gəmi”, “operator” və
“məsafədən idarəetmə mərkəzi” kimi fundamental anlayışlar əksini tapıb.
Bununla yanaşı,
qanunvericilikdə idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri, avtonom gəminin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin
anlayışları, habelə onlara dair tələblər, eləcə də operatorun və gəminin
mülkiyyətçisinin (sahibinin) vəzifələri də qeyd olunub.
Qeyd edək ki,
qanuna əsasən avtonom gəmi yalnız dövlət qeydiyyatına alındıqdan sonra
səlahiyyətli dövlət orqanının müəyyən etdiyi ərazidə istifadəsinə icazə
veriləcək. Hər bir hüquqi
və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra avtonom gəminin
avtomatlaşdırılmış idarəetmə sistemini təmin edən operator vəzifəsində fəaliyyət
göstərmək imkanı əldə edəcək.
İstismar zamanı o, avtomatlaşdırılmış idarəetmə sisteminin
fəaliyyətinə nəzarət, təhlükə yarandığı hallarda operativ müdaxilə edəcək,
bununla yanaşı, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların
saxlanmasını və mühafizəsini təmin edəcək, hadisə,
qəza və ya insident baş
verərsə, dərhal aidiyyəti dövlət orqanlarını (qurumlarını) məlumatlandıracaq.
Avtonom nəqliyyat vasitəsinin istismarı zamanı vurulan zərərə görə isə nəqliyyat
vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış
etdikdə) məsuliyyət daşıyacaq. Vurulan zərərin avtonom nəqliyyat vasitəsinin və
ya avtomatlaşdırılmış idarəetmə sisteminin istehsalçısının, yaxud həmin sistemə
texniki xidməti göstərən şəxsin, eləcə də mülki hüquqi müqavilə əsasında cəlb
edilən operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə, həmin nəqliyyat
vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı Mülki Məcəllənin
tələblərinə əsasən onlara qarşı reqres qaydasında tələb irəli sürə bilər.
Zərərin avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı
ilə əmək münasibətlərində olan operatorun təqsiri üzündən baş verdiyi sübut
edilərsə, ödənilməsi Əmək Məcəlləsinin 30-cu və 32-ci fəsillərinin tələblərinə
uyğun olaraq tənzimlənir.