info@ddla.gov.az
AZ

“Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”ni almaq üçün gəmi sahibi Dövlət Dəniz Administrasiyasına yazılı və ya elektron şəkildə müraciəti etməli, eləcə də aşağıda göstərilən sənədləri təqdim etməlidir: - Ərizə-anket; - Fiziki şəxs üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (Əcnəbi vətəndaşın ölkə ərazisində qeydiyyata alınması haqqında vəsiqə); - hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; - gəmiyə mülkiyyət hüququna dair sənəd; - xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti; - gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd; - gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə; - çağırış siqnalının alınmasını təsdiq edən sənəd; - gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt; - ölçü şəhadətnaməsi; - gəminin təsnifat şəhadətnaməsi; - gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə; - dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 iş günü müddətində şəhadətnamənin verilməsi haqqında qərar qəbul edilir. Şəhadətnamə ərizəçiyə birbaşa təqdim olunur.

Dənizçinin şəxsiyyət sənədini almaq üçün dənizçi aşağıda göstərilən sənədləri təqdim etməlidir: -şəxsiyyətini təsdiq edən sənədi; -gəmidə hər hansı vəzifədə çalışmasını təsdiq edən sertifikatı (diplomu); -tibbi arayışı; -hərbi vəzifəsi haqqında hərbi biletini və ya təhkim şəhadətnaməsini (18-35 yaş həddində olanlar); -lazım olarsa, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri; -bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü ağ fonda təsvir edilmiş fotoşəkilləri; -dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi.

Dənizçinin şəxsiyyət sənədi 5 (beş) il müddətinə verilir.

Dənizçinin şəxsiyyət sənədi 15 (on beş) gün müddətində verilir.

Dənizçinin şəxsiyyət sənədi Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün icarəyə götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən və Azərbaycan Respublikasında daimi yaşama statusu almış əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilir.

Dənizçinin şəxsiyyət sənədi Beynəlxalq Əmək Təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiyasının, eləcə də “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsinin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 01 fevral 2008-ci il tarixli 541 III-Q nömrəli Qanunu ilə təsdiq olunmuş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq verilir.

Tibbi müayinəni Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 14 saylı poliknikasında, eləcə də Medi Club və ya Mərkəzi kilinik xəstəxanalarında keçmək olar.

Dənizçi yuxarı vəzifəyə iddia etdikdə aşağıdakı göstərilən müddətlərdə üzmə stajı tələb olunur: -Kapitanın növbə köməkçisinə və ya növbətçi mexanik vəzifəsinə -12 ay -Kapitanın baş köməkçisinə və ya ikinci mexanik vəzifəsinə -18 ay -Kapitan və ya baş mexanik vəzifəsinə -24 ay

Dənizçilərin sertifikatlarının (diplomlarının) dəyişdirilməsi Dənizçinin müraciət etdiyi gündən 1 ay müddətində həyata keçirilir.

Dənizçilər Sertifikatını (Diplomlarını) dəyişmək üçün aşağıda göstərilən sənədləri təqdim edilməlidirlər: -idarə, təşkilat və ya müəssisənin göndərişinin əsli və surəti (dənizçi işləmirsə fərdi ərizə anketini doldurmalı); -şəxsiyyət vəsiqəsinin əsli və surəti; -nəzəri diplomun əsli və surəti; -müvafiq xüsusi hazırlıq şəhadətnamələrinin əsli və surəti; -dənizçinin qeyd kitabçasının əsli və surəti; -malik olduğu sertifikatın (diplomun) əsli və surəti; -dənizçinin tibb kitabçasının əsli və surəti; -müvafiq üzmə haqqında arayışları; -4 ədəd (3x4) foto şəkil.

Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnaməni almaq üçün gəmi sahibinin müraciəti ilə yanaşı, gəminin mühafizə sisteminə dair anket və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd Dövlət Dəniz Administrasiyasına təqdim edilməlidir. Bundan sonra, tipindən və təyinatından asılı olaraq hər bir gəmi üçün “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin A hissəsinin 9-cu bəndinin tələbləri nəzərə alınaraq mühafizə planı hazırlanır və Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq edilir. Təsdiq edilmiş plana uyğun olaraq gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu yoxlanılır və yoxlamanın nəticələrinə əsasən gəmiyə Dövlət Dəniz Adminsitrasiyası tərəfindən Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə verilir. Adıçəkilən şəhadətnamə gəmidəki mühafizə səviyyəsi, heyətin bununla bağlı bilik və hazırlıqları, eləcə də gəminin beynəlxalq sənədlərinin və həyəcan siqnalı sisteminin qaydasında olması yoxlanıldıqdan sonra verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli, 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”na uyğun olaraq, ərizəçi Dövlət Dəniz Administrasiyasına müraciət etməklə yanaşı, malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat, malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat, bağlanmış müqavilənin (kontraktın) surəti, ixrac edilən malın mənşə sertifikatının əsli kimi sənədləri də təqdim etməlidir. Yalnız bundan sonra sənədlərdə çatışmazlıq aşkar edilmədikdə 5 iş günü ərzində ərizəçinin müraciətinə baxılır və ona avadanlıqların ölkəyə gətirilməsi ilə bağlı xüsusi icazə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın tələblərinə uyğun olaraq, gəmilər aşağıdakı hallarda Dövlət gəmi reyestrindən və ya berbout-çarter reyestrindən çıxarıla bilər: - mülkiyyətçinin və gəmi sahibinin yazılı ərizəsi əsasında; - gəmi məhv olduqda və ya itkin düşdükdə, konstruksiya cəhətdən məhv olduqda; - yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə; - Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə; - məhkəmə qərarı əsasında.

Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmi suya salındığı gündən, eləcə də gəmi barədə alqı-satqı müqaviləsi və ya berbout-çarter müqaviləsi imzalandığı və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir. Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyətçiləri və ya gəmi sahibləri tərəfindən verilmiş ərizə əsasında həyata keçirilir və aşağıdakı sənədlər tələb olunur: - Ərizə-anket; - Fiziki şəxs üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (Əcnəbi vətəndaşın ölkə ərazisində qeydiyyata alınması haqqında vəsiqə); - hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; - gəmiyə mülkiyyət hüququna dair sənəd; - xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti; - gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd; - gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə; - çağırış siqnalının alınmasını təsdiq edən sənəd; - gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt; - ölçü şəhadətnaməsi; - gəminin təsnifat şəhadətnaməsi; - gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə; - dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.