Dəniz Vağzalı Kompleksində Bakı Limanı ilə Dövlət Dəniz
və Liman Agentliyinin tərəfdaşlığı çərçivəsində “HEYDƏR ƏLİYEV İRSİ: Bakı Limanının
inkişaf dövrü” adlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Bakı Limanının Baş
direktoru Taleh Ziyadov Ümummilli Lider Heydər Əliyevin Bakı Limanının inkişafındakı
xidmətlərindən və onun əbədiyaşar irsinin Bakı Limanının fəaliyyətində daim
yaşayacağından bəhs edib. Qeyd edib ki, bu gün Bakı Limanı beynəlxalq səviyyədə
tanınırsa, bu inkişafın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu
siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət Dəniz və Liman Agentliyinin
sədri Arif Məmmədov Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı
misilsiz xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin qüdrətli
yüksəlişi, inkişafı Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Diqqətə
çatdırıb ki, dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dəniz
nəqliyyatı sahəsinə də xüsusi diqqət göstərib və onun rəhbərliyi ilə atılan
addımlar bu sahənin inkişafında müstəsna rol oynayıb. Məhz Ulu Öndərin
hakimiyyəti illərində Azərbaycanda dəniz nəqliyyatı sahəsinin inkişafı üçün
möhkəm hüquqi, maddi-texniki baza formalaşdırılıb. Müzəffər Ali Baş Komandan,
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu möhkəm təməllər üzərində dəniz
nəqliyyatı sahəsi yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın
beynəlxalq nəqliyyat qovşağında mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində
strateji addımlar atılıb. Bu mühüm addımlara misal olaraq Xəzər dənizində ən
böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaradılıb, yeni
Gəmiqayırma zavodu inşa edilib. Vaxtında atılan mühüm strateji addımlar
sayəsində Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistika
qovşağına, Şərqdən Qərbə, Şimaldan Cənuba gedən kommunikasiyaların keçdiyi əsas
nəqliyyat dəhlizinə çevrilib.
Tədbirdə çıxış edən millət vəkili
Nigar Arpadarai bu gün Azərbaycanın regionda nəqliyyat qovşaqları və beynəlxalq
nəqliyyat dəhlizləri üçün mühüm tranzit nöqtəsi olmasını məhz Ulu Öndər Heydər
Əliyevin uzaqgörən siyasətinin nümunəsi kimi qiymətləndirib.
Bakı Dəniz Vağzalının sabiq rəhbəri
Fikrət Teymurov və qocaman limançı Rafael Mirqulamov Ulu Öndər Heydər Əliyevlə
bağlı xatirələrini bölüşüb.
Sonda qonaqlar Ümummilli Lider Heydər
Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafındakı əvəzsiz
xidmətlərindən bəhs edən filmə baxıblar.
Tədbir çərçivəsində Bakı
Limanı, eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilən unikal
fotolardan ibarət sərgi də nümayiş olunub.