Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti
Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən 33-cü
sessiyasında ölkəmizi təmsil edib.
Plenar iclaslarla davam edən beynəlxalq tədbir çərçivəsində
Assambleyanın prezidenti və vitse-prezidentlərinin seçilməsi, prosedur qaydalarına
təklif edilmiş dəyişikliklərin nəzərdən keçirilməsi və təşkilatın komitələrinin
fəaliyyəti ilə bağlı hesabatlara baxılıb.
Həmçinin yeni komitələrin təsis olunması, BDT
Şurasına üzvlüklə bağlı seçkilərin keçirilməsi, Şuranın Təşkilatın fəaliyyəti
ilə bağlı məruzəsinin dinlənilməsi və xarici auditorun təyin edilməsi, “Dənizin
tullantılar və digər maddələr atılması yolu ilə çirkləndirilməsinin qarşısının
alınması barədə” 1972-ci il tarixli Beynəlxalq Konvensiya və 1996-cı il tarixli
Protokolla bağlı məsələlər müzakirə mövzusu olub. O cümlədən Təşkilatın
2024-2029-cu illər üzrə strategiyası qəbul edilib və yeni baş katibin təyinatı
təsdiqlənib.
Sessiya çərçivəsində DDLA-nın nümayəndə heyəti
ikitərəfli görüşlərdə iştirak edib və dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi aparıb.