info@ddla.gov.az


  Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 82-ci sessiyasında ölkəmizi təmsil edib.
  Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin baş mütəxəssisi Fərid Murtuzov iştirak ediblər.
  Sessiya çərçivəsində gəmilərin enerji effektivliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə strateji hədəflərin müəyyən olunması, iqlim dəyişiklikləri ilə mübarizə üsullarının seçilməsi, həmçinin qəbul edilməsi üzrə hazırlanmış sənəd layihələri və digər məsələlər müzakirə olunub.
  DDLA-nın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Antonio Dominqes və Təşkilata üzv dövlətlərin nümayəndələri ilə görüşüb.
    Görüş zamanı dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
  Agentliyin nümayəndə heyəti, eyni zamanda cari ilin noyabr ayında Azərbaycanın dünyanın ən böyük tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, həmçinin cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı görülən tədbirlərdən danışıblar.

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 82-ci sessiyasında ölkəmizi təmsil edib