info@ddla.gov.az
AZ


Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 106-cı sessiyasında ölkəmizi təmsil edib.

Tədbirdə DDLA-nin İdarə Heyəti sədrinin müavini Renat Rzayev, Dəniz üzgüçülüyü əməliyyatları departamentinin direktoru Emin Aşurov iştirak edib.

Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin, məsləhətçi statuslu beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı sessiya zamanı  “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS-74) II-2 fəsli, “Xüsusi heyəti daşıyan gəmilər üçün təhlükəsizlik tədbirləri” və bununla əlaqəli “Xüsusi heyəti daşıyan gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə” (IP Code) ilə bağlı layihələr müzakirə edilib.

Həmçinin on gün davam edən panel iclaslarda “Maye halında qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqları haqqında Beynəlxalq Məcəllə” (IGC Code), “Qazlar və ya alışma temperaturu aşağı olan digər növ yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə” (IGF Code), “Qalama (balker) yük gəmilərinin və neft tankerlərinin müayinələri zamanı genişləndirilmiş müayinə proqramları haqqında Beynəlxalq Məcəllə” (2011 ESP Code), “Təhlükəli kimyəvi yükləri qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqları haqqında Beynəlxalq Məcəllə” (IBC Code) ilə bağlı müzakirələr aparılıb, müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər irəli sürülüb.

Beynəlxalq tədbir zamanı “Dəniz bələdçiləri və bələdçilik: təhlükəsizlik öhdəliklərimiz, çirklənmənin qarşısının alınması və dayanıqlı ətraf mühitin təmin olunması” mövzusu da müzakirə edilib.

Səfər çərçivəsində Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Türkiyənin, Malayziyanın, Banqladeşin, Bahamın nümayəndələri, həmçinin Beynəlxalq Dəniz Təşkilatının Texniki Əməkdaşlıq şöbəsinin direktoru Xiaojie Zhangla görüşərək ölkəmizin dəniz nəqliyyatı sahəsindəki fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

 

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 106-cı sessiyasında ölkəmizi təmsil edib
Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 106-cı sessiyasında ölkəmizi təmsil edib