Dövlət Dəniz və
Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti
ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən,
sabahdan noyabrın 24-dək Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb
küləyinin sürətinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 4.0-6.0
m.çatacağı proqnozlaşdırılır.
Bu təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin
Hidrometeoroloji Proqnozlar Bürosundan
DDLA-nin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi təhlil
olunub. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq
işlərin görülməsi istiqamətində təlimatlandırılıb. Lövbərdə duran, hərəkətdə
olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə
məlumatlar ötürülüb. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da
hadisə ilə bağlı məlumatlandırılıb.
Hazırda Agentliyin Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin
cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi
və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz
xidmət həyata keçirilir.