Dövlət
Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi kimi bu
gündən xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə imtahanların
keçirilməsinə başlanılıb.
Belə ki, imtahanlarda iştirak edən dənizçilər
təlim-tədris mərkəzlərində təşkil olunan kurslarda iştirak etmədən öz
ixtisaslarına və sahələrinə uyğun olaraq göstərdikləri nəticələrə əsasən xüsusi
hazırlıq şəhadətnamələrini yeniləmək imkanı əldə edirlər.
İlk dəfə
xüsusi hazırlıq şəhadətnamələrini əldə etmək istəyən namizədlər isə təlim-tədris
mərkəzlərində müvafiq təlimlərdə iştirak etdikdən sonra imtahan prosesinə cəlb
olunurlar.
Məlumat üçün bildirək ki, namizədlər
imtahana gəlməzdən əvvəl xüsusi hazırlıq şəhadətnamələri üzrə Agentliyin veb-saytında
yerləşdirilən imtahan sualları və düzgün cavablar
vasitəsilə hazırlaşa bilirlər.
İmtahanlar
Agentliyin xüsusi proqram təminatı vasitəsilə kompüter test imtahanı formatında
təşkil olunur. Dənizçilərə 30 dəqiqə vaxt verilir. Onlar həmin müddət ərzində
20 sualdan ən azı 14-nü cavablandırmalıdırlar. Bu zaman keçid faizi 70 olan namizəd
imtahandan keçmiş hesab olunur.
İmtahan sualları asan, orta və çətin ağırlıq dərəcələrində
olmaqla bir neçə variantda namizədlərə təqdim edilib. Proses heç bir insan
faktoru olmadan proqram təminatı tərəfindən təsadüfi seçilmiş suallar əsasında
həyata keçirilir. Zalda eyni vaxtda 41 nəfərin imtahan prosesində iştirak etməsi
mümkündür.
Xatırladaq
ki, sözügedən imtahanlarda iştirak etmək üçün əvvəlcə dənizçilər müvafiq sənədləri
ilə birlikdə “Bakı KOB evi”nə müraciət etməlidirlər.