Dövlət Dəniz
və Liman Agentliyində 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə
keçirilən tədbir SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) müşahidə
kart sistemin təşviqinə həsr olunub.
Agentliyin
SƏTƏM işləri üzrə baş mütəxəssisi Nigar Novruzova tədbirin məqsədindən
danışaraq qeyd edib ki, əsas amalımız SƏTƏM mədəniyyətinin gücləndirilməsi və əməkdaşlar
arasında təhlükəsizlik barədə məlumatlılığın artırılmasıdır.
Tədbirdə
SƏTƏM mədəniyyətinin mahiyyəti izah edilib. Həmçinin təhlükəsizlik məsələlərinə
proaktiv yanaşmanın, davranışyönümlü təhlükəsizliyin və hər bir əməkdaşın bu
sahədəki fərdi məsuliyyətinin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Bu baxımdan təşviqinə
başlanılan SƏTƏM müşahidə kart sisteminin tətbiqi yüksək qiymətləndirilib.
Bildirilib
ki, müşahidə kart sisteminin tətbiqi əməkdaşlara təhlükəli vəziyyətləri və davranışları
vaxtında aşkarlamaq imkanı yaradacaq.
Tədbir çərçivəsində
iş mühitində rast gəlinə biləcək risklərə nümunə olaraq problemin operativ
aradan qaldırılması üzrə görülən tədbirlər və təkliflər barədə fikir mübadiləsi
aparılıb.
Sonda Ümumdünya
Əməyin Mühafizəsi Günü münasibətilə nümayiş olunan təqdimatda SƏTƏM müşahidələrinin
statistik və analitik imkanları barədə məlumat verilib.
Toplanmış məlumatların
təhlükəsizlik səviyyəsinin yüksəldilməsində və risklərin vaxtında idarə
olunmasındakı rolu vurğulanıb.