Dövlət Dəniz və Liman Agentliyində 8 Noyabr
- Zəfər Gününə həsr olunan tədbir keçirilib
Dövlət Dəniz və Liman Agentliyində 8 Noyabr
- Zəfər Günü ilə bağlı keçirilən tədbir ərazi bütövlüyümüzün təmin
olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb.
Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən
müharibəsində əldə etdiyi tarixi Zəfərdən, bu şanlı qələbəni şərtləndirən amillərdən
danışıb. Bildirib ki, hərb meydanında əldə olunan Qələbə Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektiv ordu quruculuğu siyasətinin,
iqtisadi inkişaf strategiyasının, uğurlu gənclər siyasətinin və beynəlxalq fəaliyyətin
məntiqi nəticəsidir.
Sədr onu da qeyd edib ki, bu tarixi Qələbə
ilə Azərbaycan ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi və “qalib xalq”
kimi yaşamaq haqqını qazandı. Vurğulanıb ki, bu Qələbə döyüş meydanında əsgər və
zabitlərimizin qanı-canı bahasına əldə olunub və bu gün şəhid ailələrinə, qazilərə,
müharibə əlillərinə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir. Eyni
zamanda işğaldan azad olunan ərazilərin bərpasının və məcburi köçkünlərin doğma
torpaqlarına qayıdışının qarşıda duran əsas vəzifə olduğu qeyd edilib.
Sonra Dövlət Dəniz və Liman
Agentliyinin Vətən müharibəsi və 1-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları
bu tarixi günü qürurla yad edərək, müharibədəki xatirələrindən, Azərbaycan
Ordusunun döyüş meydanında qazandığı Qələbədən, üçrəngli Azərbaycan bayrağının
işğaldan azad olunan ərazilərdə qürurla dalğalanmasından danışıblar.
Tədbir 8 Noyabr - Zəfər Gününə həsr olunan
filmin nümayişi ilə yekunlaşıb.