Dövlət Dəniz və
Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri
üzrə sənəd qəbulu və hazır şəhadətnamələrin təhvil verilməsi 19 avqust 2024-cü
il tarixindən etibarən “Bakı KOB evi”ndə təşkil olunacaq. Məqsəd Agentlikdə həyata
keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin
artırılması, vətəndaşların vaxt
itkisinin azalması, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belə ki, Agentlik
tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə
dair” Beynəlxalq Konvensiyanın, habelə müvafiq sahə üzrə milli qanunvericiliyin
tələbləri nəzərə alınmaqla “Bakı KOB evi”ndə aşağıdakı xüsusi hazırlıq kursları
üzrə müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi təmin ediləcək:
– “Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına
dair ilkin hazırlıq və kvalifikasiya” (yalnız gəmilərin sıravi heyət üzvləri
üçün);
– “Gəmidə ilk tibbi yardım”;
– “Gəmidə tibbi nəzarət”;
– “İzdihamın idarə olunması üzrə hazırlıq”;
– “Böhran zamanı idarəetmə və insan davranışı üzrə
hazırlıq”;
– “Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi
üzrə hazırlıq”;
– “Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”;
– “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə
malik şəxslərin hazırlığı”;
– “Gəmi mühafizəsi üzrə məsul şəxs”.
Dənizçilərdən müddətsiz
xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələb olunan sənədlər
aşağıdakılardır:
–
Şəxsiyyəti təsdiq edən sənəd;
–
Peşəsi haqqında nəzəri və ya işçi diplom;
–
Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqında Şəhadətnamə
verilmiş tibb müəssisələrindən sağlamlıq haqqında arayış (dənizçinin tibbi
sertifikatı);
–
Yenilənməsi üçün müraciət edilən xüsusi hazırlıq şəhadətnaməsi;
–
Ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər üçün);
–
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
–
Üzmə haqqında arayış (müvafiq təyinatlı gəmidən son 5 ildə 12 aylıq və
ya son 6 ayda 3 aylıq), gəmilərdə işlərə cəlb olunan qeyri-dənizçilər və ya sənaye
işçiləri üçün iş yerindən müvafiq sahə üzrə arayış (12 aylıq).
Qeyd edilən tarixədək adıçəkilən müddətsiz xüsusi
hazırlıq şəhadətnamələrinin verilməsi üzrə sənəd qəbulu və hazır sənədlərin
verilməsi Agentliyin inzibati binasında həyata keçiriləcək.