info@ddla.gov.az
AZ


  Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Ümumdünya Dənizçilik Günü ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının və İspaniya Krallığının Barselona şəhərində təşkil etdiyi tədbirdə təmsil olunub.
  “Gələcəyin gəmiçiliyi: ilk növbədə təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə agentliyin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov iştirak edib.
  Tədbir zamanı gəmiçilik sahəsində innovativ texnologiyaların və gəmilərdə yeni yanacaq növlərinin tətbiqi, dəniz nəqliyyatı sahəsində havanın çirkləndirilməsinin qarşısının alınması, dənizçilərin iş şəraitinin, sosial rifahının yaxşılaşdırılması və digər mövzular ətrafında müzakirələr aparılıb. Müxtəlif ölkələrin Dəniz Administrasiyalarının rəhbərləri, beynəlxalq və regional təşkilatların ekspertləri, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən hökumətlərarası və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəniz ətraf mühitinin qorunması ilə yanaşı, dəniz sahəsində təhlükəsizliyin təmin olunması ilə bağlı çıxış ediblər.
  Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqesin iştirak etdiyi tədbirdə, həmçinin müxtəlif ölkələrin Dəniz Administrasiyalarının rəhbərləri dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.