Dəniz nəqliyyatı sahəsində səmərəli və effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından
əhəmiyyətli bir mərhələ olaraq, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) yüksək beynəlxalq nüfuza malik
“QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” tərəfindən aparılan müstəqil auditdən sonra ISO
9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.
Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması,
dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi,
dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı
xidmətlər sahəsində fəaliyyətin keyfiyyətinin artırılması və davamlı inkişafın təmin edilməsi DDLA-nın
qarşısında duran başlıca prioritet məqsədlərdəndir. Agentliyin beynəlxalq uyğunluq sertifikatına layiq
görülməsi də bu istiqamətlər üzrə öz əhəmiyyətli töhfələrini verəcək.
Sertifikatın təqdimetmə mərasimində çıxış edən tərəflərin rəhbər heyəti bu əlamətdar hadisəni
müsbət qiymətləndirərək yüksək keyfiyyət, səmərəlilik və məmnunluq göstəricilərini prioritet qəbul
etməklə hazırlanmış standartların daima yenilənməsi və tətbiqi üçün əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Sonda “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” şirkətinin direktoru Okay Kayhanlı
tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı DDLA-nın
sədr müavini, sədr vəzifəsini icra edən Əfqan Cəlilova təqdim olunub.