Dəniz üzgüçülüyünün təhlükəsizliyinin
təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə,
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub.
Təqdim
edilmiş dəyişikliklərə əsasən bir sıra kolliziya yarada biləcək hallar müəyyən
edilərək aradan qaldırılıb. Belə ki, dəniz üzgüçülüyünün təhlükəsizlik fəaliyyəti
ilə bağlı gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi, dəniz üzgüçülüyü
üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz
əməliyyatları bazasında, həmçinin məntəqələr arasında gəminin bələdçi vasitəsilə
keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi, bələdçinin fəaliyyətinin təşkili
öz əksini tapır.
Eyni zamanda, gəmilərə məlumatların
çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən
tanınmasının həyata keçirilməsi, gəmilərin lövbər ərazilərində yerləşdirilməsi,
gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi
baxımından daimi müşahidədə saxlanılması ilə bağlı tariflər də müəyyən olunub.
Qanun layihələrində dəniz nəqliyyatı sahəsində beynəlxalq
konvensiyaların tələblərinə, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan
həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada təsbit edilmiş qurum olan Dövlət Dəniz
və Liman Agentliyinin göstərişlərinin icra edilməməsi, bu sahədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi tələblərə zidd olaraq gəmilərin
istismar və idarə edilməsinə görə inzibati məsuliyyət tətbiq olunmuşdur.
Yuxarıda qeyd edilənlərə uyğun olaraq bu sahədə əlavə
islahat tədbirlərinin görülməsi nəzərdə tutulur.