Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq
Dəniz Təşkilatının (BDT) Texniki əməkdaşlıq üzrə komitəsinin Londonda keçirilən
72-ci sessiyasında ölkəmizi təmsil edib.
Tədbirdə DDLA-nın İdarə Heyəti sədrinin müavini Renat Rzayev, Gəmi
qeydiyyatı və təsnifat cəmiyyətləri ilə iş departamentinin direktoru Seyidilyas
Qədirov iştirak edib.
Sessiyanı giriş sözü ilə açan BDT-nin baş katibi Kitak Lim texniki
məsələlərə dair beynəlxalq ticarət gəmiçiliyi üzrə dövlətlərarası əməkdaşlığın
zəruriliyindən və bu sahədə tətbiq
olunan yeniliklərin əhəmiyyətindən danışıb.
İki həftə davam edən panel iclaslar zamanı Bütünləşdirilmiş Texniki Əməkdaşlıq
Proqramının 2021-ci il üçün illik hesabatı dinlənilib.
Qadınların dəniz nəqliyyatı sahəsində fəallığı müsbət hal kimi
dəyərləndirilib və gələcəkdə bu göstəricinin daha da artması istiqamətində
tədbirlərin zəruriliyindən danışılıb.
Sessiya günlərində tematik uzunmüddətli layihələrin müzakirəsi zamanı
Norveçin “SENSREC”, BMT-nin Kompyutinq Mərkəzinin Texniki əməkdaşlıq alt
komitəsinin, eləcə də digər məsul orqanların müvafiq layihələrinin yararlılığı
barədə fikirlər səsləndirilib.
Tədbir zamanı “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”
barədə də müəyyən məqamlara toxunulub.
Sessiyada regional əməkdaşlıq müzakirə olunan mövzular siyahısında
yer alıb. Bir sıra ölkələrin bu istiqamətdə təqdim etdiyi sənədlərə baxılıb və
qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sessiyanın sonuncu günündə DDLA-nin nümayəndə heyəti Türkiyə,
Malayziya, Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri ilə
görüşüb. İkitərəfli görüşlər zamanı dənizçilərə verilən sənədlərin qarşılıqlı
tanınması, dövlət bayraq və dövlət liman nəzarəti sahəsində mövcud təcrübənin
həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə genişmiqyaslı müzakirələr
aparılıb. Gələcəkdə bu səpkili görüşlərin mütəmadi olaraq keçirilməsi barədə
razılıq əldə olunub.
Həmçinin agentliyin nümayəndə heyətinin BDT-nin Qərbi Asiya və Şərqi
Avropa regionu üzrə meneceri İvalyo
Valevlə də görüşü olub. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması,
gələcəkdə əməkdaşlar üçün təlimlərin keçirilməsi məsələləri müzakirə edilib.