Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə
heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin
Londonda keçirilən 79-cu sessiyasında ölkəmizi təmsil edib.
Tədbirdə agentliyin Dəniz üzgüçülüyü əməliyyatları
departamentinin Dövlət bayraq və liman nəzarəti şöbəsinin müdiri Əli Əliyev,
Hüquq və beynəlxalq əlaqələr departamentinin Beynəlxalq əlaqələr şöbəsinin baş
mütəxəssisi İsmayıl Aslanov iştirak edib.
Sessiya çərçivəsində Azərbaycan Respublikasının
qoşulduğu “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında”
Beynəlxalq Konvensiyanın (MARPOL) əhatə etdiyi yük halında daşınan neft, kimyəvi
maddələr, gəmilərdən çirkab, tullantı, istixana effekti yaradan qaz (GHG)
emissiyalarının azaldılması, həmçinin gəmilərdən çirkləndirilmənin qarşısının
alınması və ona nəzarət kimi dəniz ətraf mühiti ilə bağlı mühüm məsələlər müzakirə
olunub.
Bununla yanaşı, sessiyada ballast sularında zərərli
su orqanizmləri, hava çirkləndirilməsinin qarşısının alınması, gəmilərin enerji
səmərəliliyi, plastik materiallarla çirkləndirmə ilə mübarizə mövzularında hesabatlar
dinlənilib. Panel iclaslarda dəniz ətraf mühitinin qorunması üzrə texniki əməkdaşlıq
fəaliyyətləri barədə də fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbirdə Dəniz Ətraf Mühitinin
Mühafizəsi Komitəsi tərəfindən Aralıq dənizinin Kükürd Emissiyalarına Nəzarət
Zonasına (SECA) daxil edilməsi və Enerji Səmərəliliyi Dizaynı İndeksi (EEDI)
üzrə yeni hesablama qaydalarının təsdiq edilməsinə dair müvafiq qətnamələr qəbul
edilib.
Həmçinin sessiya zamanı 2023-cü il üçün sözügedən
komitənin yeni sədr və sədr müavininin seçilməsi məqsədilə səsvermə də keçirilib.