info@ddla.gov.az
AZ

İdarə Heyətinin sədri

Arif Baloğlan oğlu Məmmədov

1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.

 

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirmişdir.

2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülmüşdür.

 

2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi almışdır.

 

2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olmuşdur.

 

2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 

2018-ci ilin mart ayından 2020-ci ilin aprelinə kimi Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində müşavir olmuşdur.

 

2020-ci ilin aprelindən 2021-ci ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışmışdır.

 

2021-ci ilin may ayında Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışmağa başlamışdır.


Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir, bir övladı var.