Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin
İdarəetmə Mərkəzinə bu gün gecədən başlayaraq 26-na kimi havanın dəyişməsi ilə
bağlı hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Bununla bağlı, Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzi gəmi
sahiblərini, liman kapitanlarını, liman nəzarət müfəttişləri təlimatlandırıb və
müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin gəmilərin
təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin olunub.
Məlumata əsasən, sentyabrın 23-ü gecədən başlayaraq 26-dək Xəzər
dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28
m/s, açıq dənizdə isə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2.0-4.0 metr, sonrakı inkişafda isə 5.0-7.0 metrə çatacağı
proqnazlaşdırılır.
Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinin təcrübəli kapitanları bu günlər ərzində hava şəraitinə uyğun olaraq, gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə verəcək.
Gündəlik iş rejimində olduğu kimi, ölkəmizin ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək.