Dövlət Dəniz və Liman Agentliyində (DDLA) gəmilərin heyət üzvlərinin beynəlxalq
standartlara uyğun sertifikatlaşdırılması, eləcə də onların bilik və
bacarıqlarının peşəkar səviyyədə qiymətləndirilməsi istiqamətində bir sıra
yeniliklər tətbiq olunmaqdadır.
Bu yeniliklər
dənizçilərin ixtisas imtahanlarının təşkili, sual bazasının yenilənməsi və
sertifikatların (diplomların) verilmə prosesini əhatə edir.
Növbəti yenilik isə
cari ilin 8 iyul tarixindən tətbiq olunmağa başlayacaq.
Belə ki, Agentlikdə
gəmilərin heyət üzvləri
üçün sertifikatın (diplomun) verilməsi ilə bağlı keçirilən imtahanlar hər ayın
ikinci həftəsi ərzində mütəmadi şəkildə təşkil olunacaq. Bu isə imtahan
prosesinin daha şəffaf və planlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Bununla
yanaşı, imtahan sualları “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq
Konvensiyanın vəzifə, funksiya və
səriştələr üzrə cədvəlləri, həmçinin Beynəlxalq Dəniz Təşkilatının (BDT) model
kurslarının tələbləri nəzərə alınmaqla yeni versiyada hazırlanıb.
Eyni zamanda imtahanların təşkili ilə bağlı təlimatlar hazırlanıb, yeni
suallar müvafiq sahə üzrə mütəxəssislər tərəfindən qiymətləndirilərək düzgün
cavablarla birlikdə Dövlət Dəniz və
Liman Agentliyinin (DDLA) rəsmi internet səhifəsində https://ddla.gov.az/certdip yerləşdirilib. Qeyd edək ki,
sözügedən yeniliklər dənizçilərin hazırlıq səviyyəsinin, o cümlədən onların
peşə bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verir.
Agentlik gələcəkdə də dəniz nəqliyyatı sahəsinin vacib elementi olan insan amilinə diqqətin gücləndirilməsi və dənizçilərin sertifikatlaşdırılma sisteminin təkmilləşdirilməsi istiqamətində yeni addımlar atmaqda davam edəcək.