
Dövlət Dəniz və Liman Agentliyində “Gəmiçilik
şirkətlərinin insan resursları bölməsi ilə əməkdaşlıq və mövcud problemlərin həlli
yollarının müzakirəsi” mövzusunda görüş keçirilib. Əvvəlcə son illər ərzində dənizçilərin
sertifikatlaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə olunan
nəticələr barədə təqdimat olub.
Görüş çərçivəsində bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılıb. Üzmə haqqında arayış anlayışına gəmiçilik şirkətlərinin
insan resursları bölmələrinin baxışı, dənizdə xidmət müddətlərinin düzgün
qeydiyyatının təmin edilməsi, həmçinin Agentliklə gəmiçilik şirkətləri arasında
məlumat uyğunluğunun artırılması, sənədləşmə və təsdiq mexanizmlərinin təkmilləşdirilməsi
əsas müzakirə mövzuları olub.
Bununla yanaşı, gəmiçilik sektorunda heyət
üzvlərindən tələb olunan əsas sertifikatlar, sertifikatların etibarlılıq müddətinin
izlənilməsi, habelə yenilənmə və ilk dəfə verilmə proseslərində gəmiçilik şirkətlərinin
insan resursları bölmələrinin rolu, Agentliklə şirkətlər arasında
sertifikatlaşdırma üzrə koordinasiyanın gücləndirilməsi, mövcud risklər və
uyğunluq məsələləri də nəzərdən keçirilib.
Görüş iştirakçıları “Sənaye personalını
daşıyan gəmilər üçün Beynəlxalq Təhlükəsizlik Məcəlləsi”nin (IP Code) tələblərinin
icrası və bu çərçivədə bayraq dövləti nəzarəti mexanizmləri mövzusuna da diqqət
çəkiblər.
Tədbir zamanı Agentliklə gəmiçilik şirkətlərinin insan resursları bölmələri arasında əməkdaşlıq imkanları, məlumat mübadiləsinin təkmilləşdirilməsi, vahid yanaşmaların formalaşdırılması, birgə iş mexanizmlərinin qurulması və gələcək təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb. Sonra iştirakçıların sualları cavablandırılıb.