
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Avstriya
Respublikasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə xarici iqtisadi əlaqələr
nümayəndəsinin müavini Stefan Psota və “Frequentis AG” şirkətinin regional
satış meneceri Pierpaolo Bettoni ilə görüş keçirilib.
Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi, axtarış-xilasetmə
fəaliyyəti, dəniz naviqasiya avadanlıqlarının istismarı, eləcə də Azərbaycanın ərazi
sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemi (VTS) ilə bağlı görülən işlər
barədə məlumat verilib. Bununla yanaşı, DDLA-nın aidiyyəti dövlət qurumları ilə
Xəzər dənizi üzrə koordinasiyalı fəaliyyəti diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanın “Dəniz Naviqasiya Avadanlıqları üzrə
Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) qoşulması barədə məlumat
verilib və VTS sistemlərinin beynəlxalq tələblərə uyğun yenilənməsi məsələləri
müzakirə olunub. Nümayəndə heyəti bu sahədə müvafiq texniki ekspert dəstəyi
göstərməyə hazır olduğunu bildirib.
Görüşdə Avtomatik İdentifikasiya Sistemi (AIS) və Qlobal Dəniz
Fəlakəti və Əmniyyətli Rabitə Sistemi (GMDSS) üzrə əməkdaşlıq imkanları, eləcə
də təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
DDLA-nın İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov
bildirib ki, bu cür görüşlər təkcə qurumlararası əməkdaşlığın genişlənməsinə
deyil, həm də ölkələr arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın
daha da inkişafına mühüm töhfə verir.
Sonda nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi
Mərkəzinin fəaliyyəti ilə tanış olub.