info@ddla.gov.az
AZ


Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti və əməkdaşları Anım Günü münasibətilə ikinci Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Agentliyin inzibati binasında davam edən anım tədbiri Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
İdarə Heyətinin sədri Arif Məmmədov tədbirdə çıxış edərək, Vətən müharibəsinin bizim şanlı tariximiz olduğunu bildirib. O, 44 günlük müharibə nəticəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayıb.Bildirilib ki, torpaqlarımız şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində azad edilib və Azərbaycan xalqı onların qəhrəmanlığını, fədakarlığını heç vaxt unutmayacaq.
Tədbir vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsinə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.