
Dövlət Dəniz və Liman Agentliyi yeni təsnifat cəmiyyətinə
səlahiyyət verib. Belə ki, Agentliklə Yunanıstanın “Libero Hellenic Register” təsnifat
cəmiyyəti arasında “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər
üçün qanunla müəyyən edilən sertifikatlaşdırılma və təsnifat xidmətlərinin həyata
keçirilməsinin tənzimlənməsi haqqında” saziş imzalanıb.
Sənədə əsasən, “Libero Hellenic Register” Azərbaycan
Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə beynəlxalq standartlara
uyğunluğun təmin edilməsi və keyfiyyətli sertifikatlaşdırma sisteminin tətbiqi
ilə bağlı müvafiq xidmətlər həyata keçirəcək.
İmzalanan saziş ölkəmizin təsnifat cəmiyyətləri ilə
strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının
inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan bayrağı
altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin
artırılmasına töhfə verəcək.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyi
ümumilikdə 12 təsnifat cəmiyyətinin fəaliyyət göstərməsinə dair razılıq verib.
Gəmi sahibləri sözügedən təsnifat cəmiyyətlərinin müvafiq siyahısı ilə linkə ( https://ddla.gov.az/tesnifat ) keçid edərək tanış ola bilərlər.