
Beynəlxalq Dəniz Təşkilatının (BDT)
MSC.560(108) nömrəli qətnaməsi rəhbər tutulmaqla, Beynəlxalq Məcəllənin müvafiq
cədvəlinə yeni tələb əlavə edilib. Sözügedən tələb “Zorakılıq və qısnama
hallarının, o cümlədən seksual qısnama, bullinq və seksual hücum hallarının
qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək”
mövzusunu əhatə edir.
Dövlət Dəniz və Liman Agentliyinin
(DDLA) həyata keçirdiyi yeniliyə əsasən “Bütün
dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat”
xüsusi hazırlıq şəhadətnaməsi əldə etmiş şəxslər qeyd olunan yeni tələbə uyğun
hissə üzrə biliklərini onlayn
formatda artırmaq imkanı əldə edirlər. Dənizçilər DDLA-nın yeni
istifadəyə verdiyi “My Cabinet” rəqəmsal platformasına daxil olaraq “Təlimlər bölməsi”ndə
müvafiq proqramda iştirak edə və təlimi uğurla başa vurduqdan sonra iştirakla
bağlı elektron sertifikat əldə edə bilərlər. Həmin sənəd əsasında “Bütün
dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi
hazırlıq şəhadətnaməsini təlimlərdə iştirak olmadan birbaşa imtahanla yeniləmək
imkanı yaranacaq.
Bu hazırlıq üzrə ilk dəfə təlim keçən
şəxslər isə yalnız DDLA-nın uyğunluq haqqında şəhadətnamə verdiyi təlim-tədris mərkəzlərində təşkil olunan
əyani təlimlərdə iştirak etməlidirlər.
Məlumat üçün bildirək ki, cari
il ərzində beynəlxalq tələblərə uyğun dənizçilərin bilik və bacarıqlarının
artırılması üçün yeni təlimlərin “My Cabinet” platformasına yerləşdirilməsi nəzərdə tutulur.
Beynəlxalq standartlara uyğun təlimlərin təşkili və
rəqəmsal formada istifadəyə verilməsi Azərbaycan dənizçilərinin daxili və beynəlxalq
sularda təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət
göstərməsinə, dəniz mühitində sağlam və təhlükəsiz iş şəraitinin
formalaşdırılmasına, eyni zamanda dənizçilik sektorunda idarəetmənin səmərəliliyinin
artırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, istifadəçilər “My
Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi
kabinet” bölməsi, həmçinin birbaşa keçid linki ( https://seafarer.ddla.gov.az )
vasitəsilə daxil ola bilərlər.