
Dövlət Dəniz və
Liman Agentliyi (DDLA) dənizçilərin sertifikatlaşdırılması prosesinin daha şəffaf,
səmərəli və beynəlxalq tələblərə uyğun təşkil edilməsi istiqamətində növbəti
addım atıb.
Məlum
olduğu kimi, sertifikatlar (diplomlar) “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq
Konvensiyasının (DHDNÇ) iş stajı, yaş, sağlamlıq vəziyyəti, hazırlıq, ixtisas və
imtahanla bağlı tələblərinə uyğun olan namizədlərə verilir.
DHDNÇ Konvensiyasının dənizçilərin üzmə stajına
dair tələblərinin icrasının təmin edilməsi məqsədilə dənizdə xidmət haqqında yeni
elektron arayış forması (https://ddla.gov.az/inst/instruction12.html) DDLA-nın müvafiq Əmri ilə təsdiqlənib.
Arayış forması 2026-cı ilin 1 yanvar tarixindən etibarən Azərbaycan bayrağı altında üzən gəmilərin heyət üzvlərinin dənizdə üzmə stajının rəsmiləşdirilməsi və qeydiyyatının aparılması üçün tətbiq olunacaq. Bu məqsədlə təsdiqlənmiş elektron forma sirkulyar məktub vasitəsilə dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərə göndərilib.
Yeni elektron arayış forması
dənizçilərin staj məlumatlarının daha dəqiq, operativ və beynəlxalq
standartlara tam uyğun şəkildə rəsmiləşdirilməsini təmin edəcək.