
Beynəlxalq
Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin müvafiq qətnaməsinə, eləcə
də “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə
dair” Beynəlxalq Konvensiyaya uyğun olaraq mühüm yenilik həyata keçirilib.
Yeniliyə əsasən,
Beynəlxalq Məcəllənin A-VI/1-4 Cədvəlinə (şəxsi təhlükəsizlik və ictimai məsuliyyət)
yeni səriştə –
“Zorakılıq və qısnama hallarının, o cümlədən cinsi qısnama, bulinq və cinsi
zorakılıq hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə
töhfə vermək” əlavə olunub.
Bu yeniliklə
əlaqədar “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və
təlimat” xüsusi hazırlıq kursunun nümunəvi tədris planına dəyişiklik edilib. Plana
yeni səriştənin tədrisi üçün 6 saat daxil edilib. Yenilənmiş proqramın ümumi
müddəti 80 saat təşkil edir və cari ilin 1 dekabr tarixindən etibarən tətbiq
olunmağa başlanılıb.
Sözügedən
yenilik dənizçilərin təhlükəsiz və etibarlı əmək şəraitinin təmin edilməsi
baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan dənizçilərinin həm
ölkə daxilində, həm də beynəlxalq sularda maneəsiz, fasiləsiz və standartlara
uyğun fəaliyyət göstərməsinə şərait yaradır.