
Son dövrlərdə Dövlət Dəniz və Liman Agentliyi (DDLA)
tərəfindən verilən dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması
müşahidə olunur. Belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq
sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və
dəniz ətraf mühiti üçün ciddi risklər yaradır.
2024–2025-ci
illər ərzində aparılmış araşdırmalar nəticəsində 14 şəxsə aid ümumilikdə 21
saxta sənəd aşkar edilib. Bunlardan 8-i sertifikat (diplom), 13-ü xüsusi
hazırlıq şəhadətnaməsidir. Saxta sənədlərdən 5-i xarici ölkələrin gəmiçilik
şirkətləri və ya bayraq dövlətlərinin sorğuları əsasında, 16-sı isə
vətəndaşların sənəd yenilənməsi və ya yeni sənəd əldə edilməsi məqsədilə
Agentliyə müraciətləri zamanı müəyyən olunub.
Aşkarlanmış bütün hallar üzrə materiallar hüquq-mühafizə orqanlarına təqdim
edilib. Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə
məsələləri beynəlxalq səviyyədə “Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş
Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/5-ci Qaydası ilə tənzimlənir.
Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı
mübarizə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi, Ticarət
Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.
Həmçinin “Azərbaycan
Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin
sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.6-cı maddəsi – sənəd
saxtakarlığı halı aşkar edildikdə Agentliyin müvafiq tədbirlər görmək
səlahiyyətini müəyyən edir.
Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını
almaq və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdə
dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.
Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün
təhlükəsizliyinə, dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə
ciddi risklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın Beynəlxalq Dəniz
Təşkilatının “Ağ Siyahı”sında mövqeyini zəiflədə, ölkəmizin beynəlxalq imicinə
mənfi təsir göstərə və dənizçilərimizin xarici gəmilərdə iş imkanlarını
məhdudlaşdıra bilər.
Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının
tələbinə əsasən tərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin
həqiqiliyini maraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanını
təmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsində yaradılmış
“Sertifikatların yoxlanılması” bölməsi fasiləsiz olaraq Agentlik tərəfindən
verilmiş dənizçi sənədlərinin həqiqiliyinin yoxlanılması imkanını yaradır (https://e-services.ardda.gov.az:8090/)
Agentlik bir daha bildirir ki, dənizçi sənədlərinin
saxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən istifadə
edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət
məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlik bütün aidiyyəti tərəfləri,
xüsusilə dənizçiləri bu kimi hallardan çəkinməyə və oxşar hallarla
rastlaşdıqda, dərhal Agentliyi məlumatlandırmağa çağırır.