“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın təhsilə dair tələblərinin icrasının təmin edilməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin
SİYASƏTİ
Məlum olduğu kimi, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən (bundan sonra - Agentlik) dənizçilərin sertifikatlaşdırılması “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (bundan sonra - Konvensiya), habelə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 27 fevral 2013-cü il tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) tələblərinə uyğun həyata keçirilir.
Dənizçilərə sertifikatların (diplomların) verilməsi və yenilənməsi ilə bağlı Əsasnamədə bir sıra çatışmazlıqlar mövcuddur. Belə ki, Konvensiyanın müddəalarının icrasının təmin edilməsi üçün sözügedən normativ sənəd tələblərə tam cavab vermir. Hal-hazırda qüvvədə olan Əsasnamədəki hüquqi boşluqlar, o cümlədən Konvensiyanın tələbləri ilə uyğunsuzluqlar səbəbindən dənizçilərə sertifikatların (diplomların) verilməsində və yenilənməsində çətinliklər yaranır ki, bunların da böyük əksəriyyəti əvvəlki illərdə sənədlərin verilməsi zamanı bir sıra hallarda təhsilə dair tələblərin gözlənilməməsidir.
Ölkəmiz tərəfindən adıçəkilən Konvensiyanın digər tələbləri ilə yanaşı, təhsil, təlim və sertifikatlaşdırmaya dair tələblərinin tam və effektli şəkildə yerinə yetirməsi hər 5 ildən bir Beynəlxalq Dəniz Təşkilatı (bundan sonra - BDT), hər 7 ildən bir isə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Agentlik tərəfindən dənizçilərin təhsil, təlim, və sertifikatlaşdırma prosesinin Konvensiyanın tələblərinə uyğun həyata keçirilməsi Azərbaycan dənizçilərinin sənədlərinin beynəlxalq səviyyədə tanınması və onların işlə təmin olunmaları baxımından böyük əhəmiyyət daşıyır.
Müasir nəqliyyat donanması dünya dənizçilik sənayesinin ən nəhəng və mürəkkəb tərkib hissəsidir. Qabaqcıl texnoloji avadanlıqlarla, idarəetmə sistemləri ilə təchiz olunmuş gəmiçilik intensiv şəkildə inkişaf etməkdədr. Eyni zamanda, atmosferin çirklənməsinin minimuma endirilməsi məqsədilə daha aşağı karbon emissiyalı yanacaqlardan istifadəyə beynəlxalq səviyyədə sürətlə keçid edilməkdədir.
Bütün sadalananlar gəmilərin heyət üzvlərinin, əsas etibarilə idarəetmə səviyyəsi üzrə vəzifələri icra edən kadrların peşə hazırlığına dair tələblərin artmasını şərtləndirir. Həmçinin nəzərə almaq lazımdır ki, yüksək ixtisaslı milli kadrların hazırlanması Azərbaycan dənizçilərinin beynəlxalq əmək bazarında rəqabətə davamlılığının artırılmasına və dayanıqlı şəkildə mövqelərinin möhkəmləndirməsinə birbaşa təsir edən amillərdəndir.
Məlum olduğu kimi, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsində gəmilərin heyət üzvlərinin əhəmiyyətli rolu vardır. Bunu, onilliklər ərzində dənizdə baş verən qəzaların araşdırılması statistikası bir daha sübut edir. Belə ki, qəzaların baş verməsinin əsas səbəbi kimi, insan amili göstərilir.
Bu baxımdan, peşəkar və savadlı dənizçi kadrların yetişdirilməsi, sertifikatlaşma zamanı beynəlxalq standartlara əməl olunması müvafiq sahənin tənzimlənməsini həyata keçirən qurum kimi Agentliyin prioritetlərindən biridir.
Dənizçilik təhsili müvafiq sahə üzrə beynəlxalq konvensiyaları ratifikasiya etmiş dövlətlərin öhdəliklərindən biridir. Belə ki, dənizçilik təhsilinə dair standartlar “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyada müəyyənləşdirilmişdir. Həmçinin, Konvensiyanın I/2 Qaydasının 1-ci bəndinin tələbinə əsasən sertifikatlar (diplomlar) zəruri sənədli sübutların (o cümlədən müvafiq təhsilə dair) həqiqiliyi və etibarlılığı təsdiq edilməsi şərtilə verilir.
Azərbaycan Respublikasında dənizçi kadrların hazırlanması Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olan BDT-nin tələblərinin yerinə yetirilməsi şərtilə milli təhsil standartları əsasında həyata keçirilir. Bu sahədə müasir çağırışlara cavab verə bilmək üçün ölkəmizin dənizçilik təhsili sisteminin dünya təcrübəsinə inteqrasiya olunması istiqamətində məqsədyönlü addımlar atılmalıdır.
Mövcud vəziyyəti nəzərə alaraq, əvvəlki illərdə dənizçilərə sertifikatların (diplomların) verilməsində buraxılmış nöqsanların gələcəkdə təkrarlanmaması, həmçinin qeyd olunan səbəblərdən yaranmış uyğunsuzluqların aradan qaldırılması və beləliklə Konvensiyanın təhsilə dair tələblərinin icrasının təmin edilməsi məqsədilə Təlimatın hazırlanması zərurəti yaranmışdır.
Bununla yanaşı, dənizçilərin sertifikatlaşması sahəsində milli qanunvericilikdəki mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə Gəmi heyəti departamenti tərəfindən yeni Əsasnamə layihəsi hazırlanmışdır.
Eyni zamanda, aidiyyəti qurumlarla razılaşdırılmaqla ölkəmizin dənizçilik təhsili sistemində zəruri islahatların həyata keçirilməsi məqsədilə təkliflər layihəsi hazırlanmalıdır.
Qeyd olunan məsələlərlə bağlı təkliflər “Ümumi Dəniz Strategiyası”nın layihəsinə daxil edilməsi məqsədilə Gəmi heyəti departamenti tərəfindən təqdim edilmişdir.
Mövcud problemlərin həllinin, beynəlxalq qanunvericiliyin tələblərinin təmin edilməsi ilə yanaşı, dənizçilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması baxımından da müstəsna əhəmiyyət kəsb edəcəyəni nəzərə alaraq, sözügedən məsələlərə münasibətdə vahid yanaşmanın tətbiq edilməsi məqsədilə Təlimat layihəsinin qısa zamanda təsdiq edilməsi məqsədəmüvafiqdir.
Məlumat üçün qeyd etmək istərdik ki, hal-hazırda dənizçilərə sertifikatların (diplomların) verilməsi zamanı sözügedən Təimat layihəsində əksini tapmış qaydalar tətbiq olunmaqdadır. Bu addım, müvafiq fəaliyyət üzrə beynəlxalq və milli qanunvericiliyin tələblərinin icrasının təmin edilməsi məqsədilə atılmaqdadır.
Bununla yanaşı, yaxın müddətdə hərbi dənizçilik təhsilinə malik şəxslərin sertifikatlaşdırılması, habelə orta ixtisas təhsilli dənizçilərin karyera yüksəlişinin təmin edilməsi məqsədilə Konvensiyanın tələbləri əsasında, BDT-nin model kurslarına uyğun olaraq müvafiq hazırlıq kurslarının proqramları hazırlanmalıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunulan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Qeyd olunanlar nəzərə alınaraq, əvvəllər verilmiş və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq “qanunsuz əlverişli inzibati akt” hesab edilən sertifikatların (diplomların) yenilənməsi, eləcə də bu növ sənədlərin əsasında yalnız köməkçi səviyyə üzrə vəzifə artımına icazənin verilməsi məsələsi Konvensiyanın və sözügedən Qanunun 67.6.1-ci maddəsin tələblərinə əməl olunması şərtilə həll oluna bilər.
Qeyd: Siyasət Dövlət Dəniz və Liman Agentliyinin 23 dekabr 2024-cü il tarixli 3-27-106/3-2-447/2024 nömrəli Əmri ilə təsdiq edilmişdir.