“Sənaye personalını daşıyan gəmilər üçün Beynəlxalq Təhlükəsizlik Məcəlləsi”nin (IP Code) tələblərinin, habelə “Xüsusi Təyinatlı Gəmilər üçün Təhlükəsizlik Məcəlləsi”nin (2008 SPS Code) tövsiyələrinin
Dövlət Dəniz və Liman Agentliyi tərəfindən tətbiqinə dair
Təlimat
1. Ümumi müddəalar
1.1 bu Təlimat, “Sənaye personalını daşıyan gəmilər üçün Beynəlxalq Təhlükəsizlik Məcəlləsi”nin (SP Məcəlləsi - IP Code) tələblərinə, habelə “Xüsusi Təyinatlı Gəmilər üçün Təhlükəsizlik Məcəlləsi”nin tövsiyələrinə uyğun olaraq sənaye personalının və xüsusi personalın hazırlıq səviyyəsinə və sağlamlıq vəziyyətinə dair Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra – Agentlik) tətbiq etdiyi prosedurları müəyyən edir;
1.2. bu Təlimatın məqsədi “Sənaye personalını daşıyan gəmilər üçün Beynəlxalq Təhlükəsizlik Məcəlləsi”nin (IP Code) tələblərinə, habelə “Xüsusi Təyinatlı Gəmilər üçün Təhlükəsizlik Məcəlləsi”nin tövsiyələrinə uyğun olaraq, sənaye personalının və xüsusi personalın hazırlıq səviyyəsinin və sağlamlıq vəziyyətinin yüksək standartlarda saxlanılmasını təmin etməkdir.
2. Tətbiq sahəsi
2.1. Bu Təlimat, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, sənaye personalı və xüsusi personal daşıyan və/və ya onların yerləşdirilməsi üçün istifadə olunan gəmilərdə Bayraq Dövləti Nəzarəti (BDN) yoxlamaları, habelə Azərbaycan Respublikasının ərazi sularında gəmilərin limana girişinin və limandan çıxışının rəsmiləşdirilməsi zamanı yoxlama meyarı kimi tətbiq ediləcəkdir.
3. Təriflər
3.1. Bu Təlimatın məqsədləri üçün aşağıdakı təriflərdən istifadə olunur:
- 3.1.1. SP Məcəlləsi – “Sənaye personalını daşıyan gəmilər üçün Beynəlxalq Təhlükəsizlik Məcəlləsi” (“Dənizdə insan həyatının mühafizəsi üzrə” Beynəlxalq Konvensiyanın (SOLAS-74) XV Fəsli);
- 3.1.2. sənaye personalı (SP) - digər gəmilərdə və/və ya ofşor obyektlərində ofşor sənaye fəaliyyətinin həyata keçirilməsi məqsədilə gəmidə daşınan və ya yerləşdirilən bütün şəxslər;
- 3.1.3. ofşor sənaye fəaliyyətləri - bərpa olunan enerji və ya karbohidrogen enerji sektorları, akvakultura, okean mədən işləri və ya oxşar fəaliyyətlər vasitəsilə ehtiyatların kəşfiyyatı və istismarı ilə bağlı, lakin bununla məhdudlaşmayaraq dəniz obyektlərinin tikintisi, saxlanması, istismardan çıxarılması, istismarı və ya xidmət göstərilməsi;
- 3.1.4. Qlobal Külək Təşkilatı (GWO);
- 3.1.5. Dəniz Neft-Qaz Sənayesi Təlim Təşkilatı (OPITO);
- 3.1.6. BOSIET - Dəniz obyektlərində təhlükəsizliyin əsasları və fövqəladə hallarda davranış üzrə hazırlıq;
- 3.1.7. OGUK (Oil and Gas UK), indi isə OEUK (Offshore Energies UK) – Böyük Britaniya neft-qaz sektorunda çalışanlar üçün tələb olunan, işçilərin ofşor iş şəraitində fiziki və zehni cəhətdən işləməyə uyğunluğunu təsdiqləyən tibbi müayinə;
- 3.1.8. XP Məcəlləsi - “Xüsusi Təyinatlı Gəmilər üçün Təhlükəsizlik Məcəlləsi” (2008 SPS Code);
- 3.1.9. xüsusi personal (XP) - gəmidə daşınan, sərnişin, gəmi heyət üzvü və ya bir yaşdan kiçik uşaq olmayan, gəminin xüsusi təyinatı ilə və ya gəmidə icra olunan xüsusi iş səbəbilə orada yerləşdirilmiş bütün şəxslər;
- 3.1.10. xüsusi təyinatlı gəmi - öz hərəkət qabiliyyətinə malik olan və funksiyası səbəbilə 12-dən artıq xüsusi personal daşıyan gəmi;
- 3.1.11. BOSIET - xüsusi şəxs, sənaye işçisi və dənizçilik sahəsinə aid olmayan şəxs (qeyri-dənizçi) terminləri xüsusi personal termini ilə sinonim hesab olunur.
4. Sənaye Personalına dair tələblər
4.1. Sənaye Personalına dair aşağıdakı tələblər müəyyənləşdirilmişdir:
- 4.1.1. bütün sənaye personalının yaşı 16-dan çox olmalı, Agentlik tərəfindən qəbul edilmiş və bu qaydalarda göstərilən bütün fiziki və tibbi tələbləri yerinə yetirməlidir;
- 4.1.2. bütün sənaye işçiləri gəmidə işçi dildə danışmağı, səmərəli ünsiyyət qurmağı, gəmi heyəti tərəfindən verilən əmrləri yerinə yetirməyi bacarmalıdır;
- 4.1.3. bütün sənaye işçiləri gəmiyə minməzdən əvvəl gəminin göyərtəsində baş verə biləcək fövqəladə hallar haqqında bilikləri, xilasedici avadanlıqlardan istifadə etməyi, yüksəklikdən suya düşməyi və suda sağ qalmağı, xilasedici jilet geyinmiş halda göyərtədən və sudan xilasedici qayığa minməyi bacarmalıdır;
- 4.1.4. Bu Təlimatda tələb olunan təlim və ya təlimatları aldığını təsdiq edən sənədlər, həmçinin sağlamlıq vəziyyətini təsdiq edən tibbi sertifikat gəmi kapitanına təqdim edilmədikdə, heç bir sənaye işçisi gəminin göyərtəsində daşına bilməz.
5. “Xüsusi personal” aşağıdakı şəxsləri əhatə edə bilər (lakin yalnız bunlarla məhdudlaşmır):
- elmi tədqiqatçılar və ya texniklər, hidroqrafik və ya okeanoqrafik tədqiqatlarda, ekspedisiyalarda iştirak edən şəxslər;
- dənizçilik bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və praktik dəniz təcrübəsində iştirak edən şəxslər;
- qəza-xilasetmə gəmilərində çalışan xilasetmə heyəti;
- kabel quraşdırma gəmilərində işləyən texniki personal;
- seysmik tədqiqat gəmilərində çalışan seysmik texniklər;
- dalğıc dəstək gəmilərində fəaliyyət göstərən dalğıclar;
- borudüzən gəmilərində işləyən boru quraşdırıcıları;
- kran gəmilərində çalışan kran operatorları;
- uzaqdan idarə olunan sualtı aparat (ROV) texnikləri.
6. Təhlükəsizlik və fövqəladə hallarda davranış üzrə təlimlər
6.1. göyərtəsində 12 nəfərdən artıq sənaye işçisi daşıyan gəmilərdə daşınan bütün sənaye personalı, həmçinin xüsusi personal gəmiyə minməzdən əvvəl “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Məcəllənin (bundan sonra – DHDNÇ Məcəlləsi) A-VI/1 bölməsinin 2.1-ci bəndində göstərilən standarta cavab verən müvafiq təhlükəsizlik təlimi (“Bütün dənizçilər üçün təhlükəsizlik üzrə, ilkin hazırlıq və təlimat”) keçməli və ya Qlobal Külək Təşkilatı (GWO), Dəniz Neft-Qaz Sənayesi Təlim Təşkilatı (OPITO), Dəniz obyektlərində təhlükəsizliyin əsasları və fövqəladə hallarda davranış üzrə hazırlıq (BOSIET təlimi, OPITO akkreditasiyasından keçmiş) kimi digər sənaye təlimi standartlarının əsasında verilən xüsusi hazırlıq şəhadətnamələrindən hər hansı birinə malik olmalıdırlar.
7. Tibbi müayinələr:
7.1. gəmiyə minməzdən əvvəl, hər bir sənaye işçisi, həmçinin xüsusi personal DHDNÇ Məcəlləsinin A-I/9 bölməsində maşın şöbəsinin heyət üzvləri üçün tətbiq edilən müvafiq tibbi standartlara cavab verən tibbi müayinədən və ya OGUK (Oil and Gas UK), indi isə OEUK (Offshore Energies UK) – Böyük Britaniya neft-qaz sektorunda çalışanlar üçün tələb olunan, işçilərin ofşor iş şəraitində fiziki və zehni cəhətdən işləməyə uyğunluğunu təsdiqləyən tibbi müayinədən keçməli və sertifikat əldə etməlidir.
8. Agentlik tərəfindən nəzarətin təşkili:
8.1. Agentlik tərəfindən gəmilərdə həyata keçirilən nəzarət yoxlamaları, habelə Azərbaycan Respublikasının ərazi sularında gəmilərin limana girişinin və limandan çıxışının rəsmiləşdirilməsi zamanı Qlobal Külək Təşkilatı (GWO), Dəniz Neft-Qaz Sənayesi Təlim Təşkilatı (OPITO), Dəniz obyektlərində təhlükəsizliyin əsasları və fövqəladə hallarda davranış üzrə hazırlıq (BOSIET təlimi, OPITO akkreditasiyasından keçmiş) kimi digər sənaye təlimi standartlarının əsasında verilən xüsusi hazırlıq şəhadətnamələrinin əsli və ya yoxlanılması mümkün olan elektron variantı qəbul olunacaq;
8.2. OGUK (Oil and Gas UK), indi isə OEUK (Offshore Energies UK) – Böyük Britaniya neft-qaz sektorunda çalışanlar üçün tələb olunan, işçilərin ofşor iş şəraitində fiziki və zehni cəhətdən işləməyə uyğunluğunu təsdiqləyən tibbi müayinə əsasında verilmiş sertifikatın əsli və ya yoxlanılması mümkün olan elektron variantı qəbul olunacaq.
9. İstisnalar
Bu Təlimat, Agentlik tərəfindən dənizçi sənədlərinin, həmçinin dənizçinin şəxsiyyət sənədinin və dənizçinin qeyd kitabçasının verilməsi ilə bağlı tətbiq edilmir.
Qeyd: Təlimat Dövlət Dəniz və Liman Agentliyinin 17 iyul 2025-ci il tarixli 3-27-106/3-2-235/2025 nömrəli Əmri ilə təsdiq edilmişdir.