Sertifikatların (diplomların) verilməsi və yenilənməsi üçün bilik və bacarıqların yoxlanılması üzrə imtahanların təşkilinə dair

TƏLİMAT

1. Bu Təlimat “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (bundan sonra – DHDNÇ Konvensiyası), Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin, habelə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin dənizçilərin sertifikatlaşdırılması ilə bağlı tələblərinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır və sertifikatların (diplomların) verilməsi və yenilənməsi üçün namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi imtahanlarının keçirilməsi qaydalarını müəyyən edir.

2. Sertifikatların (diplomların) verilməsi və yenilənməsi üçün namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi imtahanları DHDNÇ Konvensiyasının I/8 Qaydasının tələblərinə əsasən tətbiq edilən “Dənizçilərin biliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin qiymətləndirilməsi sisteminə uyğun olaraq Dövlət Dəniz və Liman Agentliyində (bundan sonra - Agentlik) kompüter testi vasitəsilə keçirilir.

3. Vəzifələr üzrə imtahan sualları, düzgün cavab variantları, imtahanların müddəti, qiymətləndirilmə meyarları Agentlik tərəfindən müəyyən edilir və rəsmi internet səhifəsində dərc edilir.

4. İmtahanlar Gəmi heyəti departamenti tərəfindən müəyyən edilən qrafikə uyğun olaraq keçirilir.

5. Bütün imtahanlar kompüter testi vasitəsilə keçirilir.

6. Bütün imtahanların videogörüntüsü qeydə alınır.

7. İmtahana başlamazdan əvvəl namizəd şəxsiyyətini təsdiq edən sənədini təqdim etməli və imtahan qaydaları ilə tanış olmalıdır.

8. İmtahan zamanı köməkçi vasitədən (telefon və ya digər rabitə vasitələri, elektron cihaz, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, cədvəl, vərəq və s.) istifadə edən, zalda yerini dəyişərək, yerindən duraraq, danışaraq, başqa şəxsə kömək edərək və ya başqa şəxsin köməyindən istifadə edərək və bu kimi digər hallarda imtahanın gedişinə mane olan namizəd imtahandan kənarlaşdırılır və nəticəsi ləğv olunur. İmtahandan kənarlaşdırılan şəxs ən tez 3 (üç) ay sonra təkrar imtahanda iştirak edə bilər.

9. Sertifikatın (diplomun) verilməsi və ya yenilənməsi məqsədilə imtahanda iştirak etmək üçün namizəd “Bakı KOB evi”nə şəxsən və ya Mygov platforması üzərindən “Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətini seçərək elektron müraciət etməlidir.

10. Sertifikatın (diplomun) yenilənməsi üçün imtahanda iştirakla bağlı müraciət qüvvədə olan sertifikatın (diplomun) etibarlılıq müddətinin bitməsinə 6 (altı) aydan az müddət qaldıqda edilə bilər.

11. İdarəetmə səviyyəsi vəzifələri üzrə imtahanlarda sual sayı 125, ümumi keçid faizi 85 olaraq müəyyənləşdirilmişdir.

12. İstismar səviyyəsi vəzifələri üzrə imtahanlarda sual sayı 100, ümumi keçid faizi 85 olaraq müəyyənləşdirilmişdir.

13. Köməkçi səviyyə vəzifələri üzrə imtahanlarda sual sayı 100, ümumi keçid faizi 60 olaraq müəyyənləşdirilmişdir.

14. Sertifikatın (diplomun) verilməsi və ya yenilənməsi üzrə imtahanlarda iştirak üçün Agentliyə rəsmi qaydada aşağıdakı sənədlər təqdim olunmalıdır:

15. İmtahanda müvəffəqiyyət qazanmış namizəd, sertifikatın (diplomun) verilməsi üçün tələb olunan dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin əslini Agentliyə təqdim etməlidir.

16. Namizəd təyin olunmuş vaxtda gəlmədikdə, imtahana buraxılmır.

17. İmtahanın nəticəsi imtahan protokolu ilə rəsmiləşdirilir.

18. İmtahanın nəticəsindən narazı qalan namizəd bununla bağlı Agentliyin İdarə Heyətinin sədrinə müvafiq qaydada apellyasiya müraciəti ünvanlaya bilər

Qeyd: Təlimat Dövlət Dəniz və Liman Agentliyinin 04 iyun 2025-ci il tarixli 3-27-106/3-2-193/2025 nömrəli Əmri ilə təsdiq edilmişdir.